Bu kitabda nəticə fəslinə qədər incələdiyimiz bütün məlumatlar bizə açıq bir həqiqəti göstərir: Quran elə bir kitabdır ki, onun içində qeyd edilən xəbərlərin hamısı doğru çıxmışdır və çıxmaqdadır.
Elmi mövzularda, keçmişdən və gələcəkdən verilən xəbərlərdə, ya da riyazi şifrlərdə o dövrdə heç bir insan tərəfindən bilinməyən həqiqətlər ayələrdə xəbər verilir. Bu məlumatların həmin dövrün elmi səviyyəsi və texnologiyası ilə əldə edilməsi mümkün deyil. Əlbəttə, bu vəziyyət Quranın insan sözü ola bilməməsinin çox aydın sübutudur.
Quran hər şeyi yoxdan yaradan və elmi bütün varlıqları əhatə edən uca Allah`ın sözüdür. Allah bir ayəsində Quranla bağlı olaraq: "...Əgər o, Allah`dan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar", – deyə buyurur (Nisa surəsi, 82). Quranda heç bir ziddiyyət olmadığı kimi, içində olan hər məlumat gün ötdükcə bu ilahi kitabın yeni möcüzələrini ortaya çıxarmaqdadır. İnsanın üzərinə düşən vəzifə isə Allah`ın göndərdiyi bu ilahi kitaba sarılmaq və onu özünə yolgöstərən olaraq qəbul etməkdir. Allah Quranda bizə belə bildirir:
"Bu Quran Allah`dan başqasına yalandan aid edilə bilməz. Lakin o, özündən əvvəlkiləri təsdiq və kitabı ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur! Yoxsa: "Onu özündən uydurdu!" - deyirlər. De: "Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da çağırın!"" (Yunis surəsi, 37-38)
"Bu nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun və Allah`dan qorxun ki, bəlkə sizə rəhm edilsin!" (Ənam surəsi, 155)