Bu hissəyə qədər Quranın elmi və tarixi nöqteyi-nəzərdən möcüzəli xüsusiyyətlərini qismən də olsa qeyd etdik. Bütün bunlarla yanaşı, Quran həm də ədəbi dili baxımından heyrətamiz, bənzəri olmayan bir üsluba malikdir.
Hər şeydən əvvəl qeyd olunması lazım gələn məsələ Quranın hər bir dövrdə istənilən insan toplumuna müraciət etməyi bacaran bir üsluba malik olmasıdır. Quran onu oxuyan adamların elmi və mədəni səviyyəsindən asılı olmayaraq, hamının başa düşə biləcəyi bir dilə sahibdir. Bir ayədə Allah Quran haqqında belə buyurur:
"And olsun ki, biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq..." (Qəmər surəsi, 22)
Asan başa düşülən üslubda yazılmasına baxmayaraq, Quranın üslubunun təqlid edilməsi heç bir cəhətdən mümkün olmamışdır. Allah`ın Quranın bənzərsiz olmasına diqqət çəkdiyi ayələrdən bir neçəsi belədir:
"Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, onda Allah`dan savayı şahidlərinizi çağırın!" (Bəqərə surəsi, 23)
"Yoxsa: "Onu özündən uydurdu!" - deyirlər. De: "Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allah`dan başqa kimə gücünüz çatırsa, onu da köməyə çağırın!"" (Yunis surəsi, 38)
Quranın "möcüzə" kəlməsi ilə səciyyələndirilməsinin səbəblərindən biri də yuxarıdakı ayələrdə vurğulandığı kimi, insanın onun hətta bir oxşarını yazmaqda aciz olmasıdır. Bu acizlik, bu imkansızlıq nə qədər böyükdürsə, möcüzə də bir o qədər böyükdür. Dolayısilə, Quranın üslubunun əsrlərdən bəri milyardlarla insan arasından bircə nəfər tərəfindən də təqlid edilə bilməməsi bu müqəddəs kitabın möcüzəvi olduğunu göstərən sübutlarından biridir.
F.F.Arbutnot (F.F.Arbuthnot) "İncilin və Quranın quruluşu" ("The Construction of the Bible and the Koran") adlı kitabında Quran haqqında bunları qeyd edir:
"Ədəbi üslub baxımından dəyərləndiriləndə Quran yarı nəzm, yarı nəsr üslubunda təmiz ərəb dilində yazılmış nümunədir. Dilçi alimlər bəzi vəziyyətlərdə Quranda istifadə edilən bir çox qəlib və ifadələrə uyğun gələn düzümdən yararlansa da, Qurana oxşar bir çalışma meydana gətirmək üçün gərgin əmək sərf etsə də, onların bu məsələdə indiyə qədər nəyəsə müvəffəq olduqlarını heç kim deyə bilməmişdir".
Quranın ifadələrində işlədilən kəlmələr həm məna, həm də üslub axıcılığı və təsir etmə gücü baxımından çox özəl və bənzərsizdir. Ancaq Quranın Allah`ın əmr və qadağalarını bildirdiyi müqəddəs bir kitab olduğuna iman gətirmək istəməyənlər onu müxtəlif bəhanələrlə inkar etməyə çalışmışlar. Allah iman gətirməyənlərin Quran haqqında sözlərini aşağıdakı ayələrdə belə bildirir:
"Biz ona şeir öyrətmədik və bu, ona heç yaraşmaz da. Ona vəhy olunan ancaq öyüd-nəsihət və açıq-aşkar Qurandır ki, onunla diri olanları qorxutsun və o deyilən söz kafirlər barəsində gerçək olsun". (Yasin surəsi, 69-70)
Quranın üstün qafiyə sistemi
Quranı təqlid olunmaz və bənzərsiz edən xüsusiyyətlərindən biri də onun ədəbi məziyyətləri ilə birbaşa bağlıdır. Quran ərəb dilində olsa da, o, ərəb ədəbiyyatında işlədilən dil qəliblərindən heç birinə oxşamır.
Qurandakı qafiyə sisteminə "səci" deyilir. Filoloqlar Quranda işlədilən bu qafiyələrin də möcüzə olduğunu bildirirlər. Məşhur ingilis alimi, prof. Adil M.A.Abbas Quranın qrammatik baxımdan bir möcüzə olmasını sübut etmək üçün yazdığı "Elmi möcüzələr" ("Science Miracles") adlı kitabında Quranda istifadə edilən hərfləri və qafiyə sistemini qrafiklər və cədvəllər vasitəsilə geniş tədqiq etmişdir. O bu kitabda Quranda istifadə edilən qafiyə sistemi ilə bağlı bir çox maraqlı nüanslar tapmışdır.
Məlum olduğu kimi, Quranda 29 surə 1 və ya 1-dən artıq simvolik hərflə başlayır. "Muqatta hərfləri" kimi tanınan bu hərflər həm də "başlanğıc hərfləri" adlandırılır. Ərəb dilindəki 29 hərfdən 14-ü - ayn, sin, kaf, nun, ra, ya, ta, ha, əlif, ləm, mim, hə, yə, sad "muqatta hərfləri"ni təşkil edir. Bu hərflərdən "nun" hərfinin "Qələm" surəsində istifadəsinə nəzər salanda ayələrin 88,8 faizinin "nun" hərfi ilə qafiyələndiyini görmək olar. "Şuara" surəsinin 84,6 faizi, "Nəml" surəsinin 90,32 faizi, "Qəsas" surəsinin isə 92,05 faizi "nun" hərfi ilə qafiyələnir.
Quranın hamısına nəzər salanda isə onun mətninin 50,08 faizinin "nun" hərfi ilə qafiyələndiyi aydın olur. Başqa sözlə desək, Quranda ayələrin yarısından çoxu "nun" hərfi ilə qurtarır. Eyni həcmdə və ölçüdə olan ədəbi çalışmaların heç birində mətnin yarısından çoxunun bir səslə qafiyələnməsi mümkün olmamışdır. Bu məsələ təkcə ərəb dilinə yox, bütün dillərə şamil edilir.
Quran qafiyə baxımından ümumi şəkildə incələnəndə isə məlum olur ki, qafiyələrin təxminən 80 faizi "əlif", "mim" və ya "nun" hərflərindən ibarət olan üç səsdən (n, m, a) təşkil edilib.257 "Nun" hərfindən başqa, ayələrin 30 faizi "mim", "əlif" və yaxud da "ya" ilə qafiyələnir.
200-300 sətirlik bir şeirdə qafiyənin iki-üç səsdən ibarət olması həmin əsərə onu möhtəşəm abidəyə çevirən bir xüsusiyyət qazandıra bilər. Ancaq Quranın uzunluğu, özündə ehtiva etdiyi məlumatlar və hikmətli izahlar nəzərə alınanda belə bir qafiyə sistemindən istifadənin necə bir fövqəladə vəziyyət olması daha aydın görünür. Çünki Quran insanlara rəhbər olan imani bir kitab olmaqla, özünün bütün ədəbi üstünlükləri ilə, sosial və ya psixoloji mövzuları ilə yanaşı, təbiət elmləri ilə bağlı əksər mövzuları da əhatə edir.
Bu isə, dolayısilə, o deməkdir ki, özündə belə müxtəlif və elmi mövzuları ehtiva edən Quranda bu qədər az səslə belə mükəmməl qafiyənin olması insan əməyi ilə gerçəkləşdirilə bilinməyəcəyini göstərir. Ərəb dili mütəxəssisləri məhz bu baxımdan Qurana "qəti olaraq təqlid edilə bilməz" şəklində tərif verirlər.