CSS Templates

Səba xalqı və Arim seli

Səba xalqı Cənubi Ərəbistanda yaşamış dörd böyük sivilizasiyadan biridir. Səba qövmündən bəhs edən mənbələrdə onların finikiyalılar kimi ticarətlə məşğul olan bir dövlət olduğu bildirilir. Səbalılar tarixdə mədəni bir xalq olaraq tanınmışdır. Səba hökmdarlarının kitabələrində "təmir etmək", "vəqf etmək", "inşa etmək" kimi kəlmələr daha çoxdur. Bu xalqın ən mühüm əsərlərindən olan Marib bəndi də onların əldə etdiyi texniki səviyyənin əyani sübutlarından biridir.

Səba dövləti bölgənin ən güclü ordularından birinə sahib idi. Ordu sayəsində genişlənmək siyasəti əsas götürülmüşdü. Səba dövləti özünün inkişaf etmiş mədəniyyəti və ordusu ilə öz dövründə həmin bölgənin sözün tam mənasında bir fövqəl gücü idi. Səba dövlətinin bu güclü ordusundan Quranda da bəhs edilir. Quranda qeyd edilən bir ifadə Səba ordusunun sərkərdələrinin özünə necə güvəndiyini göstərir. Sərkərdələr Səbanın qadın hökmdarına belə deyirlər:

"...Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Hökm sənindir. Nə əmr edəcəyini özün müəyyən et". (Nəml surəsi, 33)

Səba xalqı həmin dövrə uyğun şəkildə inkişaf etmiş texnologiya əsasında qurduğu Marib bəndi ilə böyük bir suvarma (irriqasiya) sisteminə də sahib olmuşdu. Bu üsulla əldə etdikləri bol məhsullu torpaqlar və ticarət yollarına nəzarət etmələri onların möhtəşəm və rifahlı bir həyat sürmələrinə səbəb olmuşdu.

Ancaq bütün bunlara görə şükür etmələri lazım ikən onlar Allah`dan, Quranın ifadəsi ilə desək, üz döndərdilər. Bundan sonra onların su bəndləri dağıldı və Arim seli bütün torpaqlarını yerlə-yeksan etdi.

Səba ölkəsinin paytaxtı yerləşdiyi üstün coğrafi məkan baxımından çox zəngin olan Marib şəhəri idi. Paytaxt həmin yerdən axan Adhana çayının çox yaxınlığında yerləşirdi. Bu çayın Cəbəl Balaka girdiyi yer bənd tikintisinə çox əlverişli şərait yaradırdı. Mədəniyyətlərini qurmaq mərhələsində olan səbalılar bundan məharətlə istifadə edib burada bir bənd inşa etmiş və çox asanlıqla suvarma işinə başlamışdılar. Bu bənd sayəsində çox yüksək rifah səviyyəsinə yüksəlmişdilər. Paytaxt Marib o dövrün ən inkişaf etmiş şəhərlərindən biri idi. Bölgəni gəzən və bu diyarı çox tərifləyən yunan tarixçisi Plini buranın necə yaşıl və bağ-bağatlı bir yer olduğundan bəhs etmişdi.

Maribdəki bu bəndin hündürlüyü 16 metr, eni 60 metr, uzunluğu isə 620 metr idi. Hesablamalara görə, bənd vasitəsilə suvarılan sahə cəmi 9600 hektar idi ki, bunun da 5300 hektarı cənub, qalanı isə şimal düzənliyinə aid idi. Səba kitabələrində bu iki düzənlik haqda bəzən "Marib və iki düzənlik" deyə bəhs edilirdi. Qurandakı "sağdan və soldan iki bağ" ifadəsi də çox güman ki, bu iki düzənlikdəki möhtəşəm bağ-bağata və bostanlara işarə edir. Bu bənd və suvarma sistemləri sayəsində bölgə Yəmənin ən yaxşı suvarılan və ən məhsuldar olan hissəsi kimi ad qazanmışdı. Fransız J.Holevi (J.Holevy) və avstriyalı Qlaser (Glaser) Marib bəndinin çox qədim dövrlərdən bəri mövcud olduğunu sübut etdilər. Himer ləhcəsi ilə yazılan sənədlərdə bu bəndin ölkənin torpaqlarını məhsuldar etdiyi qeyd olunmuşdu.

Eramızın 542-ci ilində dağılan bu bənd Quranda haqqında bəhs edilən Arim selinə səbəb olmuş və böyük dağıntılara gətirib çıxarmışdı. Səba xalqının yüz illərdən bəri becərdiyi bağları, bostanları və əkin sahələri tamamilə yox olmuşdu. Bəndin dağılmasından sonra Səba xalqının da sürətlə tənəzzül etməyə başladığı görünür. Bəndin dağılması ilə başlayan bu mərhələnin sonunda Səba dövlətinin özü də süquta uğramışdı.

Yuxarıda bildirdiyimiz bu tarixi həqiqətlər işığında Quran ayələrinə nəzər salanda ortada böyük bir uyğunluğun olduğunu görürük. Arxeoloji tapıntılar və tarixi həqiqətlər Quranda yazılanlara işarə edir. Ayədə bildirildiyi kimi, onlara göndərilən peyğəmbərin xəbərdarlıqlarını qulaqardına vuran və Rəbbimizin nemətinə nankorluq edən xalq nəticədə bir sel fəlakəti ilə cəzalandırılmışdır.

Səba dövlətinə göndərilən sel fəlakəti Quranda belə xəbər verilir:

"Səba yurdunda bir nişanə var idi. Sağdan və soldan iki bağça var idi. (Səba əhlinə belə buyurulmuşdu:) "Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Yurdunuz) gözəl bir diyar, (Rəbbiniz də) bağışlayan bir Rəbbdir!" Lakin onlar üz döndərdilər, biz də üstünə Arim selini göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya çevirdik. Onları nankorluqlarına görə belə cəzalandırdıq. Biz nankordan başqasına heç cəzamı verərik?" (Səba surəsi, 15-17)

Quranda Səba xalqına göndərilən əzabdan "seylul-arim", yəni "Arim seli" şəklində bəhs edilir. Quranda bildirilən bu ifadə həm də bu selin meydana gəlmə formasını göstərir. Çünki "Arim" kəlməsinin mənası "bənd" deməkdir. "Seylul-arim" kəlməsi də bəndin dağılması nəticəsində meydana gələn bir seldən bəhs edir. Bu məsələni araşdıran İslam təfsirçiləri də Quranda Arim seli ilə əlaqədar işlədilən ifadələri əsas tutaraq, mövzu ilə bağlı əsaslı zaman və məkan müəyyən etmişlər. Məvdudi öz təfsirində belə yazır:

Mətndəki "seylul-arim" ifadəsində işlədildiyi kimi, "arim" kəlməsi "bənd" mənasına gələn və cənub ərəbcəsində işlədilən "arimən" kəlməsindən törəmişdir. Yəməndə aparılan qazıntı işlərində ortaya çıxarılmış xəbərlərdə bu kəlmə tez-tez bu mənalarda işlədilmişdir. Məsələn, Yəmənin həbəş hökmdarı Əbrəhənin böyük Marib bəndinin təmirindən sonra yazdırdığı və bizim eranın 542-ci və 543-cü illərinə aid olan bir kitabədə bu söz "yenidən bənd" mənasında istifadə edilmişdir. Elə isə "seylul-arim" "bir bənd dağılanda meydana gələn sel fəlakəti" mənasına gəlir. "...Onların iki bağçasını acı meyvəli, yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya çevirdik" (Səba surəsi, 16). Yəni bəndin dağılmasından sonra meydana gələn sel nəticəsində bütün ölkə viranə qaldı. Səbalıların dağların arasında inşa etdikləri bəndlər, qazdıqları kanallar dağıldı və bütün suvarma sistemi pozuldu. Bunun nəticəsində əvvəllər bir bağ kimi olan ölkə yabanı otların yetişdiyi daş-kəsəkli, çınqıllı bir yerə çevrildi və balaca kobud ağacların əriyə oxşayan meyvəsindən başqa yeyilməsi mümkün olan heç nə qalmadı.248

Sütunların üstündə Səba dilində yazılmış yazılar var. "Müqəddəs Kitab həqiqəti söylədi" (Und Die Bibel Nat Doch Recht) kitabının müəllifi, xristian arxeoloq Verner Keller də Arim selinin Qurana uyğun olaraq baş verdiyini qəbul edərək belə yazır:

"Belə bir bəndin olması və dağılaraq şəhəri tamamilə xaraba qoyması Qurandakı bağça sahibləri ilə əlaqədar verilən misalın, həqiqətən də, baş verdiyini sübut edir".

Arim seli ilə birlikdə gələn fəlakətdən sonra bölgə səhraya çevrilməyə başlamış və əkin sahələrinin yox olması ilə Səba xalqı əsas qazanc mənbəyindən də məhrum olmuşdu. Allah`ın iman gətirməyə və şükür etməyə dəvət edən çağırışını qulaqardına vuran xalq, nəticədə, belə bir fəlakətlə cəzalandırıldı. (Ətraflı məlumat üçün bax: Harun Yəhya, «Xalqların həlakı»).