CSS Templates

Firona və onun yaxın ətrafına gələn bəlalar

Firon və onun yaxın ətrafı öz çox tanrılı sistemlərinə, bütpərəst inanclarına elə bağlı idilər ki, hz. Musanın möcüzələrlə gəlməsi də onları bu batil inanclarından döndərə bilməmişdi. Üstəlik, onlar bunu açıq-aşkar ifadə edirdilər:

"Onlar: "Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!" - dedilər". (Əraf surəsi, 32)

Bu hərəkətlərinin əvəzində Allah onlara dünyada da bir əzab daddırmaq üçün ayənin ifadəsi ilə desək, ayrı-ayrı möcüzələr (Əraf, 133) olaraq fəlakətlər yolladı. Bunlardan birincisi, quraqlıq və yığılan məhsulların azalması idi. Mövzu ilə bağlı Quran ayəsində belə bildirilir:

"Biz firon əhlini qıtlığa, quraqlığa və məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar!" (Əraf surəsi, 130)

Misirlilər öz əkin sistemlərini Nil çayına nəzərən qurmuşdular və bunun sayəsində də təbii şərtlərin dəyişməsi onlara elə də təsir etmirdi. Ancaq fironun və onun yaxın ətrafının Allah`a qarşı təkəbbürlük etməsi və Allah`ın peyğəmbərini tanımaması səbəbi ilə onlara gözlənilmədən bir fəlakət gəlmişdi. Ancaq ayədə də bildirildiyi kimi, onlar bundan nəsihət alıb fikirləşmələri lazım ikən, baş verən bu fəlakətləri hz. Musanın və İsrail oğullarının gətirdiyi bir uğursuzluq kimi qəbul etdilər. Bundan sonra Allah onlara ardıcıl şəkildə fəlakətlər göndərdi. Bu fəlakətlər Quranda belə bildirilmişdir:

"Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, çəyirtkə və həşərat, qurbağa və qan göndərdik. Onlar yenə də özlərinə sığışdırmayıb günahkar bir tayfa oldular". (Əraf surəsi, 133)

Quranda Misir xalqının başına gələn bu müsibətlərlə bağlı bildirilənlər orta çarlıq dövründən qalma bir papirusun XIX əsrin əvvəllərində Misirdə tapılması ilə bir daha də təsdiq edildi. Bu papirus tapılandan az sonra - 1909-cu ildə Hollandiyanın Leyden muzeyinə aparılıb A.H.Qardiner tərəfindən oxundu. Papirusda Misirdəki qıtlıq, quraqlıq kimi fəlakətlərdən və qulların Misirdən qaçışından bəhs edilir. Bundan əlavə, qeyd etdiyimiz papirusun müəllifi İpuverin (İruwer) də bu hadisələrin şahidi olması üzə çıxır. Misir xalqının başına gələn fəlakətlər zənciri Quranda bəhs edilən qıtlığın və qanın göndərilməsi kimi müsibətlə çox uyğundur.

Allah`ın Quranda bildirdiyi bu fəlakətlərdən İpuver papiruslarında belə bəhs edilir:

"Fəlakətlər bütün məmləkəti sarsıtmışdı. Hər yerdə qan var idi".

"Çay qan oldu".

"Dünən gördüyüm hər şey məhv olmuşdu. Torpaqlar biçilmiş kimi çılpaq idi..."

"Misirin aşağısı məhv oldu... Bütün saray viranə qaldı. Sahibi olan hər şey: buğda və arpa, qazlar və balıqlar..."

"Həqiqətən, əkin hər yerdə məhv oldu..."

Torpaqlar - bütün iğtişaş və gurultuya baxmayaraq... Doqquz gün ərzində saraydan heç bir çıxış yox idi və heç kim o şəxsin üzünü görə bilmədi... Şəhərlər qüvvətli axınlar tərəfindən yerlə-yeksan oldu... Yuxarı Misir viranə qalmışdı,... hər yerdə qan var idi. Ölkədə yoluxucu xəstəliklər baş qaldırdı... Bu gün, həqiqətən də, heç kəs şimala - Biblosa (Byblos) gedə bilmirdi. Mumiyalarımız üçün nə edəcəyik? ...Qızıl azalır.

İnsanlar sudan qorxmağa başlamışdı. Hətta su içəndən sonra da susayırdılar.

"Budur suyumuz! Xoşbəxtliyimiz! Edə biləcəyimiz nə var? Hər şey talan edilib!"

"Şəhərlər dağıldı. Yuxarı Misir qurudu".

"Yaşayış məskənləri bir dəqiqə ərzində alt-üst oldu".


Yalnız XX əsrdə xəbər tutduğumuz bu papirusda firon və onun qövmünün başına gələn bəlalardan danışılan bilgilərin Qurandakı analoji məlumatlarla böyük paralellik təşkil etməsi Quranın ilahi bir mənbəyə malik olmasını bir daha göstərir.