CSS Templates

Hicr xalqı

Quranda haqqında bəhs edilən xalqlar barəsində ən çox məlumata malik olduğumuz qövmlərdən biri Səmud qövmüdür. Tarixi mənbələr Səmud adlı bir qövmün, həqiqətən, yaşadığına eyham edir. Quranda haqqında bəhs edilən Hicr xalqı ilə Səmud qövmünün, əslində, eyni xalq olduğu zənn edilir. Çünki Səmud qövmünün başqa adı da "Əshabi-Hicr"dir. Elə isə "Səmud" kəlməsi bir xalqın adı, Hicr şəhəri isə bu xalqın qurduğu şəhərlərdən biri ola bilər. Həmçinin yunan coğrafiyaçısı Plininin əsərlərində də bu məlumatlar eyni cür əks olunub. Plini Səmud qövmünün məskən saldığı yerlərin Domatha və Heqra olduğunu qeyd etmişdir ki, bu ərazilər də günümüzdəki Hicr şəhəridir.

Səmud qövmündən söz açan ən qədim tarixi mənbə Babil şahı II Sarqonun bu qövmə qarşı müharibədə qazandığı qələbələrdən bəhs edən Babilin dövlət qeydləridir. B.e.ə. VIII əsrdə Sarqon Şimali Ərəbistana təşkil etdiyi hücumdan sonra onlara qalib gəlmişdi. Yunanlar da bu qövmdən bəhs edir. Bu qövmün adı Aristotel, Batlamyus və Plininin yazılarında "Thamudaei", yəni "Səmudlar" olaraq qeyd edilir. Səmudların izi isə Peyğəmbərimizdən (s.ə.v.) əvvəl - eramızın təxminən 400-600-cü illəri arasında tamamilə silinmişdir.

Günümüzdə İordaniyanın Rum vadisində (başqa adı ilə desək, Petrada) bu qövmün daş sənətinin ən gözəl nümunələrini görmək mümkündür. Həmçinin Quranda Səmud qövmünün daş sənətində malik olduğu ustalığından belə bəhs edilir:

"(Saleh tayfasına dedi: "Allah`ın) sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub evlər düzəltdiyiniz yer üzündə yerləşdirdiyi vaxtı xatırlayın. Allah`ın nemətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!"" (Əraf surəsi, 74)