Quranda qədim Misir haqqında verilən məlumatların bəziləri yaxın dövrə qədər məxfi qalmış bir çox tarixi faktları aşkara çıxarmışdır. Bu həqiqətlər bizə Quranda hər bir kəlmənin müəyyən bir hikmətə görə işlədildiyini də göstərir.
Quranda adı Fironla birlikdə çəkilən adamlardan biri də Hamandır. Haman Quranın 6 ayəsində Fironun ən yaxın adamlarından biri olaraq qeyd edilir.
Bunun müqabilində Tövratda hz. Musanın həyatından bəhs edilən hissədə Hamanın adı qeyd olunmur. Ancaq Hamanın adı Qədim Əhdin sonrakı hissələrində hz. Musadan təxminən 1100 il sonra yaşayan və yəhudilərə zülm edən bir Babil çarının köməkçisi olaraq qeyd edilib.
Quran haqqında məntiqə uyğun olmayan açıqlamalar verən qeyri-müsəlmanların iddialarının əsassızlığı bir Misir heroqlifinin bundan təxminən 200 il əvvəl oxunması və qədim Misir yazılı abidələrində "Haman" adının olmasının təsdiqi ilə meydana çıxdı. Qədim Misir dilində yazılmış kitabələr və yazılar XVIII əsrə qədər oxunmamış qalmışdı, çünki onları oxumaq mümkün deyildi.
Qədim Misir dili heroqliflərdən ibarət idi və bu dil öz mövcudluğunu əsrlər boyu qorumuşdu. Lakin bizim eranın II və III əsrlərində xristianlığın yayılması və onun mədəni təsiri ilə Misir dini kimi dilini də yaddan çıxardı, yazılarda heroqlifdən istifadə etmək praktikası azaldı və tamamilə aradan qalxdı. Heroqlif yazısının işlədildiyi ən axırıncı yazılı abidə bizim eranın 394-cü ilinə aid olan bir kitabədir. Bundan sonra bu dil yaddan çıxdı və bu dildə yazıları oxuya və başa düşə bilən heç kim qalmadı. Ta ki bundan təxminən iki yüz il əvvələ qədər...
1799-cu ildə Qədim Misir heroqlifi tapılaraq Rosetta Stone adı verilmiş və bizim eradan əvvəl 196-cı ilə aid bir kitabə olduğu aşkar edilmişdi. Bu lövhənin əsas xüsusiyyəti onun üç fərqli yazı ilə - heroqlif, demotik (heroqlifin əlyazma forması) və yunan dilində yazılmasında idi. Yunan dilində yazılmış mətnin köməyi ilə lövhədəki qədim Misir yazısını oxumağa çalışdılar. Lövhənin tam şəkildə oxunması Jan-Fransua Şampolyon (Yean-Fransoise Champollion) adlı bir fransız tədqiqatçı tərəfindən tamamlanıb başa çatdırıldı. Beləliklə, yaddan çıxarılan bir dil və bu dilin açıqladığı tarix də aydınlaşdı. Bunun sayəsində qədim Misir mədəniyyəti, qədim misirlilərin dini və sosial həyatı haqqında bir çox məlumatlar əldə edildi.
Heroqlifin oxunması ilə mövzumuza da bağlı olan çox mühüm bir məlumat da öyrənildi: "Haman" adı həqiqətən də Misir abidələrində qeyd edilirdi. Vyanadakı (Avstriya) Hof Muzeyində olan bir abidə üzərində bu addan bəhs edilir. Bu abidədə Hamanın firona olan yaxınlığı vurğulanır.
Bütün abidələrə əsaslanaraq hazırlanan "Yeni çarlıqdakı şəxslər" lüğətində isə Hamandan daş mədənlərində işləyənlərin rəhbəri olaraq bəhs edilirdi.
Ortaya çıxan nəticə önəmli bir həqiqəti ifadə edir. Eyni ilə Quranda qeyd edildiyi kimi, Haman hz. Musa dövründə Misirdə yaşayan bir şəxs idi. Quranda da bəhs edildiyi kimi, Haman firona çox yaxın idi və inşaat işləri ilə məşğul olurdu.
Quranda Fironun Hamandan qüllə inşa etməyi istəməsini xəbər verən ayə bu arxeoloji kəşflə tam bir uyğunluq təşkil edir:
"Firon dedi: "Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, bəlkə Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!"" (Qəsəs surəsi, 38)
Nəticə olaraq deyək ki, Hamanın adının qədim Misir abidələrində qeyd edilməsi Quranın qeybə hakim olan Allah qatından göndərildiyini bir daha təsdiq edir. Çünki Peyğəmbərimizin (s.ə.v.) yaşadığı dövrdə oxunması mümkün olmayan bu tarixi məlumat Quranda möcüzəli bir şəkildə bizə çatdırılmışdır.