Bəlli olduğu kimi, firon özünü tanrı olaraq qəbul edirdi. (Sonrakı bölümlərdə bu haqda daha ətraflı bəhs olunacaq.) Firon həzrəti Musanın onu Allah`a iman gətirməyə çağıran bütün dəvətlərinə böhtan və hədə ilə cavab verirdi. Firon bu təkəbbürlü davranışını ölüm təhlükəsi ilə qarşılaşıb suların altında qalacağını başa düşəcəyi ana qədər davam etdirdi.
Fironun Allah`ın əzabı ilə qarşılaşanda dərhal iman gətirməyə çalışması Quranda bu ayə ilə bildirilir:
“İsrail oğullarını dənizdən keçirdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. (Firon) batacağı anda: “İsrail oğullarının inandıqlarından başqa tanrı olmadığına iman gətirdim. Mən də artıq müsəlmanlardanam!” dedi”. (Yunis surəsi, 90)
Ancaq Allah fironun belə bir anda iman gətirməsini qəbul etməmişdir. Allah fironun bu qeyri-səmimi davranışını Quranda bu ayələrlə bildirir:
“İndimi? Halbuki, əvvəlcə qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun! Səndən sonrakılara bir ibrət olsun deyə bu gün səni xilas edəcəyik (hər kəsə cəsədini göstərəcəyik). Həqiqətən, insanların çoxu ayələrimizdən qafildir!” (Yunis surəsi, 91-92)
Bu ayələrdə firona aid cəsədin gələcək nəsillərə ibrət olacağının bildirilməsi cəsədin dağılmayacağına bir işarə olaraq qəbul edilə bilər. Quranda 1400 il əvvəl xəbər verildiyi kimi, hələ də tarixi bir fakt olaraq saxlanılan bir cəsəd Qahirədəki Misir muzeyinin “Çar mumiyaları otağı”nda nümayiş etdirilir. Böyük ehtimalla sulara qərq olub boğulandan sonra fironun cəsədi sahilə çıxmış və misirlilər tərəfindən tapılaraq əvvəlcədən hazırlanmış qəbrinə aparılmışdır.