CSS Templates

Bizansın qələbəsi

Quranın gələcəklə bağlı verdiyi xəbərlərdən biri “Rum” surəsinin əvvəlindəki ayələrdə qeyd edilib. Bu ayələrdə Bizans imperiyasının məğlub olacağı, lakin az müddətdən sonra yenidən qalib gələcəyi belə bildirilir:

“Əlif, Lam, Mim! Rumlular məğlub oldular. Dünyanın ən aşağı yerində. Lakin onlar məğlubiyyətlərindən sonra qalib gələcəklər. Bir neçə ilin içində. Əvvəl də, sonra da hökm Allah`ındır. O gün möminlər sevinəcəklər”. (Rum surəsi, 1-4)

Bu ayələr xristian rumların bütpərəst iranlılara çox ağır şəkildə məğlub olmasından təxminən 7 il sonra - eramızın 620-ci ilində göndərilmişdi. Ayələrdə Bizansın çox yaxın vaxtlarda qalib gələcəyi xəbər verilirdi. Halbuki, həmin vaxt Bizans o qədər itki vermişdi ki, onun yenidən qalib gəlməsi hələ bir tərəfə dursun, özünün ayaq üstə qalması imkan xaricində olan məsələ kimi görünürdü. Sasanilər bizanslıları 613-cü ildə Antakyada məğlub edərək qələbələrini Şam, Kilikiya, Tarsus və Qüdsü də işğal etməklə davam etdirmişlər. Xüsusilə 614-cü ildə Qüdsün itirilməsi, Müqəddəs Məzar Kilsəsinin xaraba qoyulması və xristianlığın simvolu olan «Həqiqi xaç»ın sasanilər tərəfindən ələ keçirilməsi bizanslılara ağır zərbə olmuşdu.

Təkcə iranlılar yox, həm də avarlar, slavyanlar və lombardlar Bizans imperiyasına qarşı böyük təhlükə yaradırdılar. Avarlar İstanbul qapılarına qədər gəlib çıxmışdılar. Bizans kralı Herakl ordunun məsrəflərini təmin edə bilmək üçün kilsələrdəki qızıl və gümüş bəzək əşyalarını əridib pula çevirməyi əmr etmişdi. Hətta bunlar da kifayət etmədiyi üçün bürünc heykəllər də pul əldə etmək üçün əridilmişdi. Valilərin əksəriyyəti Herakla qarşı üsyan qaldırmış, imperiya parçalanmaq həddinə gəlib çatmışdı. Əvvəllər Bizans torpağı olan Mesopotamiya, Kilikiya, Suriya, Fələstin, Misir bütpərəst iranlıların işğalı altına düşmüşdü.

Qısası, hamı Bizansın yox olmasını gözləyirdi. Lakin bu dövrdə “Rum” surəsinin ilk ayələri vəhy edildi və Bizansın uzağı 9 il ərzində iranlılara təkrarən qalib gələcəyi xəbər verildi. Bu qalibiyyət o qədər uzaq, o qədər qeyri-mümkün görünürdü ki, ərəb müşrikləri də Quranda xəbər verilən bu zəfərin heç vaxt baş verməyəcəyini fikirləşirdilər.

Ancaq Quranın bütün xəbərləri kimi bu da, şübhəsiz ki, baş verdi. 622-ci ildə Herakl Azərbaycan ərazilərini işğal edib sasaniləri məğlub edərək müxtəlif qələbələr qazandı. 627-ci ilin dekabr ayında Bizans və Sasani imperiyaları arasında Bağdad yaxınlığında, Dəclə çayının 50 km şərqində yerləşən Nineviya xarabalıqlarının yaxınlığında böyük müharibə oldu. Bu dəfə rumlular iranlıları məğlub etdilər. Bir neçə ay sonra iranlılar işğal etdikləri yerləri Bizansa qaytaran bir müqaviləyə qol çəkmək məcburiyyətində qaldılar.

Rumların qələbəsi 630-cu ildə imperator Heraklın Sasani hökmdarı II Xosrov üzərində zəfər qazanaraq Qüdsü qaytarması və xristianlığın rəmzi olan «Həqiqi xaç»ı Müqəddəs Məzar Kilsəsinə təslim etməsi ilə tamamlandı. Beləliklə, Allah`ın Quranda bildirdiyi “rumluların qalibiyyəti” möcüzəli şəkildə baş verdi.

Bu ayələrdə qeyd edilən başqa bir möcüzə isə coğrafiya ilə bağlı olan və həmin dövrdə heç kimin bilə bilməyəcəyi bir həqiqətin xəbər verilməsidir.

“Rum” surəsinin 3-cü ayəsində rumluların dünyanın ən aşağı yerində məğlub edildikləri bildirilir. Ərəb dilində “ədna əl-ard” olan bu ifadə bəzi Quran tərcümələrində “ən yaxın bir yer” kimi də tərcümə edilir. Ancaq bu tərcümələr əsl ifadənin tam əvəzi deyil, məcazi tərcüməsidir. “Ədna” kəlməsi ərəb dilində “aşağı” demək olan “dəni” kəlməsindən törəmişdir və “ən aşağı” mənasına gəlir. “Ard” isə “yer üzü, dünya” deməkdir. Dolayısilə, “ədna əl-ard” ifadəsi “dünyanın ən aşağı yeri” mənasına gəlir. Bəzi təfsirçilər bəhs edilən yerin ərəblərə yaxınlığını nəzərə alaraq kəlmənin “ən yaxın” mənasını qəbul edirlər. Ancaq kəlmənin əsl mənası Quranın göndərildiyi dövrdə heç kimin bilmədiyi və bilməsi də mümkün olmayan çox mühüm bir geologiya həqiqətinə işarə edir. Çünki dünyanın ən aşağı yerini müəyyən etməyə çalışanda görəcəyik ki, bu nöqtə məhz rumluların 613-614-cü illərdə məğlub olduğu yerlərdən biri olan Ölü dənizin (Dead Sea, Lut gölü) sahilləridir.

Bu məğlubiyyətin ən ağır zərbəsi, əvvəl də qeyd etdiyimiz kimi, Lut gölünün yaxınlığındakı Qüdsdəki məğlubiyyətlə yanaşı, xristianlığın rəmzi olan «Həqiqi xaç»ın itirilməsidir.

Bizans imperiyası ilə iranlılar arasında müharibənin baş verdiyi yer Suriya, Fələstin və indiki İordaniya torpaqlarının kəsişdiyi bölgə olan Ölü dənizin sahilləridir. Bildirdiyimiz kimi, dəniz səviyyəsindən 417 metr aşağıda olan Ölü dənizin ətrafı dünyanın ən aşağı bölgəsidir.

Burada ayrıca diqqət yetirilməli olan digər mühüm məsələ Ölü dənizin ölçülərinin və fiziki-coğrafi şəraitinin, yəni onun dərinliyinin, dəniz səviyyəsindən aşağı-yuxarı olmasının və s. yalnız müasir əsrdə texniki vasitələrin köməyi ilə dəqiqləşdirilməsidir. Əvvəllər heç kim Ölü dənizin dünyanın ən aşağı yeri olduğunu bilmirdi və bunu bilməsi də mümkün deyildi. Lakin bu bölgə Quranda dünyanın ən aşağı yeri olaraq bildirilmişdir. Bu məlumat Quranın Allah`ın sözü olduğunun başqa bir dəlilidir.