CSS Templates

Mayalandırıcı küləklər

Quranın bir ayəsində küləklərin mayalandırma (tozlandırma) xüsusiyyətinə və bunun nəticəsində yağışın meydana gəlməsinə diqqət çəkilir:

"Biz yüklənmiş (tozlandıran) külək göndərdik, göydən yağmur endirib sizə su verdik". ("Hicr" surəsi, 15/22)

Ayədə diqqətimiz yağışın meydana gəlməsində ilk mərhələ rolunu oynayan küləklər olmasına cəlb edilir. Halbuki, XX əsrin ortalarına qədər belə təsəvvür olunurdu ki, yağışın yağması ilə külək arasında yeganə bir əlaqə varsa da, o da küləyin buludu qovmasıdır. Müasir dövrdə aparılan meteoroloji tədqiqatlar isə sübuta yetirdi ki, küləklər yağışın əmələ gəlməsində tozlandırıcı rol oynayır.

Küləklərin belə tozlandırma funksiyası isə bir qədər əvvəl də qeyd etdiyimiz kimi, aşağıdakı şəkildə gerçəkləşir. Okean və dənizlərin səthində baş verən fasiləsiz köpüklənmə səbəbi ilə hər an saysız hava qabarcığı meydana gəlir. Bu qabarcıqlar partlayanda isə millimetrin yüzdə bir mislinə uyğun diametrdə minlərlə hissəcik havaya atılır. "Aerosol" deyilən bu hissəciklər küləklərin quru torpaqdan gətirdiyi tozlara qarışaraq atmosferin üst qatlarına qalxır.

Küləklərin bu yolla yuxarıya apardığı həmin hissəciklər burada su buxarları ilə toqquşub onlara qarışır. Su buxarı da bu hissəciklərin ətrafına toplanaraq qalınlaşır və su damcılarına çevrilir. Bu su damcıları əvvəlcə bir yerə yığılaraq buludları əmələ gətirir, bir müddət sonra da yağış halında yerə düşürlər.

Göründüyü kimi, küləklər havada sərbəst halda mövcud olan su buxarını dənizlərdən daşıdıqları hissələrlə tozlandırır və bununla da yağış buludlarının meydana gəlməsini təmin edir. Əgər küləklərin bu xüsusiyyəti olmasaydı, yüksək atmosferdəki su damcıları da heç vaxt yaranmaz və yağış deyilən bir şey də olmazdı.

Burada mühüm olan bir məsələ isə küləklərin yağışın əmələ gəlməsindəki rolunun Quranda hələ əsrlərlə bundan əvvəl izah olunmasıdır. Həm də bunun insanların təbiət hadisələri haqqında demək olar ki, heç bir şey bilmədikləri bir dövrdə baş verməsidir...

Ayədə küləklərin tozlandırıcı xüsusiyyətə malik olmasına dair verilən xəbərdə həmçinin küləklərin bitkilərin mayalanmasındakı rolundan danışılır. Yer üzündəki əksər bitkilər tozcuqlarını külək vasitəsilə yayaraq öz növlərinin çoxalmasını təmin edirlər. Əksər açıq toxumlu bitkilər, şam ağacları, palmalar və buna oxşar digər ağaclar, çiçək verən bütün toxumlu bitkilər, habelə çəmənlik otlarının hamısı küləklərlə mayalanır. Külək çiçək tozlarını bitkilərdən alıb onları eyni növdən olan başqa bitkilərə apararaq mayalanma prosesini həyata keçirir.

Küləyin bitkilərin mayalanmasını hansı şəkildə həyata keçirməsi, ümumiyyətlə, bu prosesdəki rolu son dövrlərə qədər məlum deyildi. Yalnız bitkilərin də erkək və dişi olmaqla cins fərqinə malik olması faktı üzə çıxarılandan sonra küləklərin belə mayalandırıcı təsirinin mövcudluğu aşkarlandı. Halbuki, bu həqiqət Quranın "Biz göydən yağış yağdırdıq və yerdə hər cütdən bir bitki yetişdirdik" ("Loğman" surəsi, 31/10) ayəsi ilə təsbit olunmuşdur. Özü də hələ 14 əsr bundan öncə!