«And olsun əncirə və zeytuna». («Tin» surəsi, 1)
«Tin» surəsinin 1-ci ayəsində Allah`ın əncirə: «And olsun», - deyə bildirməsi bu meyvənin faydaları baxımından çox hikmətlidir.
Əncirin insan sağlamlığına faydaları
Əncir başqa meyvə və ya tərəvəzə nisbətən ən çox lifə malikdir. Təkcə 1 ədəd quru əncirdə 2 qram lif var. Bu da gündəlik ehtiyacın 20 faizini təşkil edir. Son 10-15 ildə aparılan tədqiqatlar bitki mənşəli qidalarda mövcud olan liflərin həzm sisteminin düzgün fəaliyyəti baxımından çox vacib olduğunu ortaya qoyub. Qida kimi qəbul edilən lifin həzmə və bəzi xərçəng növlərinin yaranma ehtimalını aşağı salmağa kömək etdiyi bəllidir. Qida üzrə mütəxəssislər lif qəbulunun ideal yolu kimi lif baxımından zəngin olan əncir yeməyi tövsiyə edirlər.
Lifli qidalar həll olunan və həll olunmayan olmaqla iki yerə ayrılır. Həll olunmayan lif baxımından zəngin qidalar bədəndən atılan maddələrə su qazandıraraq bağırsaqlardan keçidi asanlaşdırır. Bununla da həzm prosesini sürətləndirərək onun sistemli fəaliyyətini təmin edir. Həll olunmayan lifli qidaların orqanizmi kolon xərçəngindən qoruması da müəyyən edilib. Həll olunan lifli qidaların isə qandakı xolesterol səviyyəsini 20 faizdən çox aşağı saldığı təsbit olunub. Buna görə də onlar ürək xəstəlikləri riskini azaltmaq baxımından böyük əhəmiyyət daşıyırlar. Əgər qanda çox miqdarda xolesterol varsa, bu, qan damarlarında yığılır və damarların bərkiməsinə, daralmasına səbəb olur. Xolesterol hansı orqanın damarında yığılırsa, həmin orqana məxsus xəstəliklər meydana çıxır. Məsələn, ürəyi qidalandıran arteriyalarda xolesterol yığılarsa, sinə ağrısı, infarkt kimi problemlər yaranır. Böyrək damarlarında xolesterolun yığılması isə təzyiqin qalxması və böyrək çatışmazlığına səbəb ola bilər. Həll olunan liflərin qəbul edilməsi mədəni boşaldaraq qan şəkərinin nizamlanması baxımından da əhəmiyyətlidir, çünki qan şəkərindəki qəfil dəyişikliklər həyat üçün riskləri olan problemlərlə nəticələnə bilər. Qidalanmaları lif baxımından zəngin olan cəmiyyətlərin xərçəng və infarkt problemləri ilə daha az üzləşdiyi müəyyənləşdirilib.
Həll olunan və həll olunmayan liflərin hər ikisinin birlikdə olması isə sağlamlıq üçün ayrı bir üstünlükdür: hər iki lif növünün birgə olmasının xərçəngin qarşısını almaqda tək olan liflərə nisbətən daha təsirli olduğu müəyyən edilib. Əncirdə hər iki lif növünün - həm həll olunan, həm də həll olunmayan - birgə olması bu meyvəni çox əhəmiyyətli bir qidaya çevirir.
Corc Vaşinqton Universitetinin Tibb Mərkəzindəki Xəstəliklərdən Qorunmaq İnstitutunun (ABŞ) rəhbəri dr. Oliver Alabaster əncirdən belə bəhs edir:
«...Burada həqiqi mənada sağlam və çox lif nisbətinə malik bir qidanı əlavə etmək imkanı var. Əncirləri və başqa çox lif balansına malik olan qidaları intensiv olaraq qəbul etmək... ömür boyu sağlamlığınız baxımından əhəmiyyət kəsb edir».
Kaliforniya Əncir Danışma Qurumuna (California Fig Advisory Board) görə, meyvə-tərəvəzdəki antioksidanlar insanları bir çox xəstəliklərdən qoruyurlar. Antioksidanlar bədənimizdəki kimyəvi reaksiyalar nəticəsində yaranan və ya kənardan qəbul edilən zərərli maddələri (sərbəst radikalları) təsirsiz hala gətirir və hüceyrənin məhvinin qarşısını alır.
Scranton Universiteti tərəfindən aparılan tədqiqatda müəyyən edilib ki, başqa meyvələrə nisbətən quru əncir antioksidan baxımından zəngin fenol tərkibinə daha çox malikdir. Fenol mikroorqanizmlərə öldürücü (antiseptik) bir maddə kimi təsir edir. Alimlərin bildirdiyinə görə, əncirdə fenolun miqdarı başqa meyvələrlə müqayisədə daha çoxdur.
Nyu-Cersidəki (ABŞ) Ratgers Universiteti tərəfindən aparılan tədqiqatda isə quru əncirin tərkibində olan omeqa-3, omeqa-6 yağ turşuları (EFA: Essential fatty acids: bədən üçün zərərli yağlar) ilə fitosterol (bitkilərdə mövcud olan yağabənzər maddə) sayəsində xolesterolu aşağı salan xüsusiyyət öyrənilib. Məlum olduğu kimi, omeqa-3 və omeqa-6 yağ turşuları bədəndə yarana bilməz, o, qida vasitəsilə qəbul edilməlidir. Bu yağlar ürək, beyin və sinir sisteminin sağlam fəaliyyəti baxımından xüsusilə böyük əhəmiyyətə malikdirlər. Fitosterol isə heyvan mənşəli qidalardakı ürək və damar sağlamlığı baxımından təhlükəli olan xolesterolun yolunu tıxayaraq, onun qana qarışmamış bədəndən atılmasını təmin edir.
Kaliforniya Əncir Danışma qurumu tərəfindən «sanki təbiətin ən mükəmməl meyvəsi» adlandırılan əncir bəşərin bildiyi ən qədim meyvələrdən biri olsa da, o, qida istehsalçıları tərəfindən yenidən kəşf edilir. Çünki qida dəyərinin yüksək olması və sağlamlıq üçün faydası bu meyvəyə xüsusi əhəmiyyət qazandırır.
Əncir demək olar ki, hər xüsusi pəhrizin bir hissəsi ola bilər. Əncirin tərkibində təbii yağ, natrium və xolesterol olmadığı və çox lif nisbətinə malik olduğu üçün, o, artıq çəkidən xilas olmağa çalışan adamlar üçün də əlverişli qidadır. Həmçinin əncir məlum olan bütün meyvələrə nisbətən ən çox minerala malik meyvədir. 40 qram əncirdə 244 mq kalium (gündəlik ehtiyacın 7 faizi), 53 mq kalsium (gündəlik ehtiyacın 6 faizi) və 1,2 mq dəmir (gündəlik ehtiyacın 6 faizi) var.134 Əncirdə kalsium nisbəti çoxdur və bu baxımdan meyvələr arasında portağaldan sonra ikinci yerdə gəlir. Bir kasa quru əncir bir kasa südlə eyni miqdarda kalsiumu təmin edir. Əncir uzunmüddətli xəstəlikdən sonra sürətlə sağalmağa yardımçı olan, güc və qüvvə verən bir dərman kimi də dəyərləndirilir. Fiziki və zehni yorğunluğu aradan qaldırır, bədənə enerji və güc verir. Əncirin ən mühüm qida dəyəri bu meyvənin 51-74 faizini təşkil edən şəkərdir. Əncir astma, öskürək və soyuqdəymə zamanı da müalicə məqsədilə qəbul edilməsi tövsiyə olunan meyvədir.
Burada haqqında qısaca danışdığımız əncirin faydaları Allah`ın insanlar üzərində mərhəmətinin daha bir göstəricisidir. Rəbbimiz zövqlə yeyilən bu meyvənin tərkibində insanın ehtiyac duyduğu maddələri onun sağlamlığına əlverişli olacaq bir nisbətdə, sanki paketlənmiş şəkildə istifadəyə verir. Allah`ın bu xüsusi nemətinin Quranda bildirilməsi də əncirin insanlar üçün əhəmiyyətinə bir işarə ola bilər (ən doğrusunu Allah bilir). Əncirin qida dəyərinin insanın sağlamlığı baxımından əhəmiyyətinin yalnız inkişaf edən tibb elmi və texnoloji imkanlarla müəyyənləşdirilməsi isə, əlbəttə, Quranın hər şeyi bilən Allah`ın sözü olduğunun daha bir nümunəsidir.