"Rəbbin bal arısına belə vəhy etdi: "Dağlarda, ağaclarda və onların qurduğu çardaqlarda özünə evlər tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə asanlaşdırdığı yollarla get! Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!"" ("Nəhl" surəsi, 16/68-69)
Hər bir arının çoxlu vəzifəsinin olduğu arı pətəklərindəki yeganə istisna erkək arılarla bağlıdır. Erkək arılar nə pətəyin müdafiəsinə və təmizliyinə, nə qida toplamağa, nə də pətək və bal hazırlamağa kömək etmirlər. Erkək arıların pətəkdə yeganə işi şahzadə arını mayalandırmaqdan ibarətdir.
Cinsiyyət üzvündən başqa heç nəyi olmayan erkək arılar digər arılardakı xüsusiyyətlərin demək olar ki, heç birinə sahib deyillər və elə buna görə də onların şahzadə arını mayalandırmaqdan savayı bir iş görməsi də praktiki olaraq mümkün deyil.
Pətəyin bütün yükünü öz üzərinə götürən işçi arılar şahzadə arılar kimi dişi olsalar da, onların yumurtalıqları inkişaf etməyib, yəni onlar qısır olurlar. İşçi arıların pətəyi təmiz saxlamaq, arı puplarına və körpə arılara qulluq etmək, şahzadə arını və erkək arıları qidalandırmaq, bal hazırlamaq, pətək qurmaq, təmir işlərini yerinə yetirmək, pətəyin havasını müntəzəm şəkildə dəyişmək, pətəyin təhlükəsizliyini təmin etmək, nektar, çiçək tozu, su, qətran kimi maddələri tədarük etmək və onları ehtiyata ("anbara") yığmaq kimi mühüm vəzifələri var.
Ərəb dilində feilin iki növ işlədilməsi mövcuddur və feillərin bu cür istifadə edilməsindən icraçının erkək, yoxsa dişi olması məlum olur. Həmçinin yuxarıdakı ayələrdə arı üçün işlədilən feillər (altı cızılmış kəlmələr) feilin dişi üçün olan şəklində qeyd edilmişdir. Beləliklə, Quranda bal hazırlayan arıların dişi olmasına işarə edilir.
Yaddan çıxarılmamalıdır ki, arılarla bağlı bu həqiqətin bundan 1400 il əvvəl bilinməsi mümkün deyildi. Ancaq Allah diqqəti bu həqiqətə çəkərək Quranın bir möcüzəsini də bizə göstərmişdir.