Quranda göylərin, yerin və onların arasında olanların yaradılması ilə bağlı müxtəlif ayələr var:
"Biz göyləri, yeri və onların arasında olan hər şeyi yalnız haqq-ədalətlə yaratdıq. O saat mütləq gələcəkdir. Sən (müşriklərdən) yaxşıca üz döndər". ("Hicr" surəsi, 15/85)
"Göylərdə və yerdə, onların arasında və torpağın altında nə varsa Onundur". ("Taha" surəsi, 20/6)
"Biz göyü, yeri və onların arasında olanları oyun-oyuncaq yaratmadıq". ("Ənbiya" surəsi, 21/16)
Elm adamları isti bir qaz kütləsinin başlanğıc mərhələdə artıb qalınlaşdığını, sonra bu kütlənin hissələrə ayrılaraq qalaktika maddələrini, ulduzları, planetləri əmələ gətirdiyini bildirir. Başqa sözlə, Yer kürəsi də daxil olmaqla, bütün ulduzlar bitişik bir qaz kütləsindən ayrılan hissələrdir. Bu hissələrdən bir qismi ulduzları, günəşləri, planetləri əmələ gətirib. Bununla da çoxlu günəş sistemləri və qalaktikalar meydana gəlib. Əvvəlki səhifələrdə də qeyd edildiyi kimi, kainat "ratq" ("bir-birinə bitişik") halda ikən "fatq" ("hissələrə ayrılmışdır") olmuşdur. Kainatın meydana gəlməsi hadisəsi Quranda bu elmi izahları təsdiq edən münasib ifadələrlə qeyd edilmişdir.
Kosmosda yeni meydana gələn əsas cisimlərdən başqa bir neçə hissə hər parçalanmanın ayrılma olması səbəbi ilə kənarda qalmışdır. Bu əlavə hissələrin elmi adı "ulduzlar arasındakı qalaktika maddəsi"dir.
Ulduzlararası maddə 60 faiz hidrogen, 38 faiz helium və 2 faiz də başqa elementlərdən meydana gəlib. Ulduzlararası maddənin 99 faizi qaz, 1 faizi də başqa elementlərin 0,0001-0,001 miqyaslı toz zərrəciklərindən ibarətdir.
Alimlər bu maddələrin astrofizik hesablamalar baxımından çox əhəmiyyətli olduğunu bildirir. Həmçinin bu maddələr toz, tüstü və ya qaz adlandırılacaq qədər incə maddələrdir. Lakin bu maddələrin hamısı göz önünə gətiriləndə onların kosmosdakı qalaktikaların hamısından daha böyük bir kütlə olduğunu düşünməyə əsaslar yaradır.
Qalaktikalardan təcrid olmuş bu maddələrin mövcudluğu ilk dəfə 1920-ci ildə kəşf edilməsinə baxmayaraq, onların mövcudluğu yuxarıda göstərdiyimiz ayələrdə yer alan və "ikisinin arasındakılar", "onların arasında olan hər şey" kimi tərcümə edilən "mə bəynəhumə" ifadəsi ilə Quranda hələ 14 əsr əvvəl xəbər verilmişdir.