"Ölsün nankor olan insan! (Allah) onu hansı şeydən yaratdı? Bir damcı sudan yaratdı, ona biçim verdi. Sonra onun üçün yolu asanlaşdırdı". ("Əbəsə" surəsi, 80/17-20)
Ana bətnindəki uşağın fetus halı tam olaraq 6-cı ayın axırında əmələ gəlir. Bundan sonra rəhm böyümə dövrünə daxil olur. Uşağın bütün əza və sistemləri bu müddət ərzində inkişaf edir və rəhm fetusun böyüməsi üçün lazım gələn qidanı təmin edərək bu inkişafı sürətləndirir. Bu mərhələ fetus ana bətnindən çıxana, yəni doğuma qədər davam edir.
Adi halda doğum kanalı çox dardır və fetusun buradan keçməsi çox çətindir. Ancaq doğuş zamanı ananın orqanizmində müxtəlif fizioloji dəyişikliklər yaranır. Bu dəyişikliklər fetusun doğuş kanalında asanlıqla hərəkət etməsini təmin edir. Bu dəyişikliklərin bir qismi belədir: çanaq sümüklərindəki oynaqların doğuş kanalını genişləndirmək üçün yumşalması, kanalın daha da genişlənməsi üçün əzələlərin sərbəstləşməsi, fetusun ətrafındakı xüsusi amniotik mayenin (buna "baş suyu" da deyirlər) kanalı yağlaması...
Elmi mənbələrdə doğuşdan əvvəlki bu dəyişiklik belə izah edilir:
"Dölün dünyaya gəlməsi üçün bütün hazırlıqlar qurtarandan sonra amnion mayesi də doğuş üçün yeni fəaliyyətə başlayır. Rəhmin ağzını genişləndirəcək su kisəciklərini əmələ gətirən amnion mayesi bunun sayəsində rəhmi uşağın oradan keçəcəyi ölçülərə qədər böyüdür. Bu kisəciklər həm də dölün doğuş zamanı rəhmdə sıxılmasına mane olur. Bundan əlavə, doğuşun başlanğıcında kisəciklər deşilir, onların içindəki maye axır, nəticədə isə uşağın gedəcəyi yol sürüşkən olur və təbii bir şəkildə sterlizə edilir. Beləliklə, doğuş həm asan, həm də mikroblardan təbii olaraq təmizlənmiş bir formada həyata keçir".
Bəlli olduğu kimi, Quranda bu ilahi prosesə "sonra onun üçün yolu asanlaşdırdı" ("Əbəsə" surəsi, 80/20) ayəsi ilə açıq-aşkar işarə edilib. Allah`ın 1400 il əvvəl xəbər verdiyi bu fizioloji dəyişiklikləri, bu prosesin mahiyyətini olduğu kimi anlamaq günümüzdə ancaq bir xeyli texniki vasitə sayəsində mümkün olmuşdur.