Quranda insanlar iman gətirməyə çağırılarkən olduqca fərqli mövzulardan bəhs edilir. Allah bəzən göyləri, bəzən Yer üzünü, bəzən heyvanları və bitkiləri insana dəlil kimi göstərir. Bir çox ayələrdə insanın şəxsən dönüb öz yaradılışına baxması məsləhət bilinir. Onun Yer üzünə necə gəlməsi, hansı mərhələlərdən keçməsi və təməl maddəsinin nə olması tez-tez xatırladılır. Məsələn, bir ayədə belə deyilir:
"Biz sizi yoxdan yaratdıq. Məgər təsdiq etməzsiniz? Bəs bətnlərə axıtdığınız nütfəyə nə deyirsiniz? Onu yaradan sizsiniz, yoxsa Biz?!" ("Vaqiə" surəsi, 56/57-59)
İnsanın yaradılışı və bunun möcüzəvi xüsusiyyəti başqa ayələrdə də vurğulanır. Ancaq bu fikirlər arasında elə elmi faktlar var ki, onlar VII əsrdə yaşayan insanların əsla bilmədiyi incəliklərdir. Bunlardan bəzilərini nəzərdən keçirək:
1. İnsan nütfəsi mayenin hamısından deyil, əksinə, çox kiçik bir parçasından (spermadan) yaradılır.
2. Uşağın cinsiyyətini kişi müəyyən edir.
3. İnsan embrionu ana bətninə, adətən, bir zəli kimi yapışır.
4. Uşaq ana bətnində 3 qaranlıq mərhələ içində inkişaf edir.
Yuxarıda qeyd etdiyimiz məlumatlar Quranın nazil edildiyi dövrdə bilinməsi mümkün olmayan və müşahidə edilə bilməyən incəliklərdir. Həmin dövrün insanları, əlbəttə, doğuşa səbəb olan maddənin cinsi əlaqədən sonra kişidən gələn nütfə ilə əlaqədar olduğunu bilirdilər. Uşağın təqribən 9 aya əmələ gəlməsi də asanlıqla müşahidə edilən, bilinməsi üçün araşdırma tələb etməyən bir mövzu idi.
Ancaq yuxarıda bildirdiyimiz məlumatlar o dövr insanının bilik səviyyəsinin fövqündə idi. Bütün bunları yalnız XX əsr texnologiyasından istifadə etməklə kəşf etmək mümkün olmuşdur.
İndi bu məlumatları sıra ilə araşdıraq.
Nütfədən bir damla
Spermalar qadın yumurtalığına çatana qədər ana bətnində çətin bir yol keçirlər. Bu yolda 250 milyon spermanın ancaq 1000-ə qədəri yumurtalığa çatmağa müvəffəq olur. Yarım duz dənəsi böyüklüyündəki yumurta beş dəqiqəlik yarışın sonunda spermadan yalnız birini qəbul edir. Yəni insanın özü nütfənin hamısı deyil, onun yalnız kiçik bir hissəsidir.
Quranda bu həqiqət "Qiyamə" surəsində belə açıqlanır:
"Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?! Məgər o, tökülən bir qətrə nütfə deyildimi?!" ("Qiyamət" surəsi, 75/36-37)
Diqqət etsək görərik ki, Quranda insanın nütfənin hamısından deyil, onun yalnız kiçik bir parçasından yaradıldığı xəbər verilməkdədir! Bu ifadədəki xüsusi vurğunun ancaq müasir elm tərəfindən kəşf edilən bir həqiqəti açıqlaması isə Quranın Allah`ın kəlamı olduğunun daha bir ciddi dəlilidir.
Nütfədəki mürəkkəblik
"Nütfə" adlandırılan və spermaları daşıyan qidalandırıcı maye sadəcə olaraq spermalardan əmələ gəlmir. Əksinə, nütfə bir-birindən fərqlənən mayelərin qarışığından yaranır. Bu mayelərin vəzifələri spermanın ehtiyac duyduğu enerji tələbatını ödəyəcək şəkərə malik olmaqdan, bəzi xüsusiyyəti ilə ana bətni girişindəki turşuları neytrallaşdırmaqdan, spermanın hərəkət edəcəyi sürüşkən vəziyyəti təmin etməkdən ibarətdir.
Maraqlıdır ki, Quranda nütfədən bəhs edilərkən müasir elmin ortaya çıxardığı bu həqiqətə də işarə olunur və nütfə qarmaqarışıq bir maye kimi təsvir edilir:
"Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq". ("İnsan" surəsi, 76/2)
Başqa ayələrdə isə yenə nütfənin qarışıq bir maddə olmasına işarə edilir, insanın isə bu qarışığın "özəyindən" yaradıldığı vurğulanır:
"O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini bir özəkdən - bir qətrə zəif sudan əmələ gətirdi." ("Səcdə" surəsi, 32/7-8).
Burada rastlaşdığımız "özək" kəlməsi ərəb dilində "sulələ", yəni "bir bütövün, tamın ən yaxşı, ən keyfiyyətli bir qismi" deməkdir. Yəni bu kəlmə hansı şəkildə işlədilirsə-işlədilsin, o, "vahidin, tamın, bütövün bir qismi" mənasına gəlir.
Bu sadalananlar da Quranın insanın yaradılışını ən incə xırdalığına qədər bilən Allah`ın sözü olduğunu açıq göstərir.
Uşağın cinsiyyəti
Yaxın vaxtlara qədər insanlar belə hesab edirdilər ki, uşağın cinsiyyətini ya ana hüceyrələri, ya da ən azı ana ilə atadan gələn hüceyrələr birlikdə müəyyənləşdirir. Ancaq Quranda bu mövzuda fərqli məlumat verilmiş, erkəkliyin-dişiliyin "bətnə tökülən nütfədən" asılı olması bildirilmişdir:
"Hər bir cütü erkək və dişi yaradan Odur - nütfədən (döl yatağına) axıb tökülərkən..." ("Nəcm" surəsi, 53/45-46)
"Məgər o, tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan (ələq) oldu və (Allah) onu yaradıb surət verdi. Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cüt yaratdı". ("Qiyamət" surəsi, 75/37-39)
Quranda verilən bu məlumatın doğruluğu genetika və mikrobiologiya elmlərinin inkişafı ilə qəti şəkildə təsdiq edildi. Cinsiyyətin tamamilə kişidən gələn sperma hüceyrələri tərəfindən müəyyən edildiyi, qadının isə bu işdə heç bir rolunun olmaması ortaya çıxdı. Cinsiyyəti müəyyən edən əsas amil xromosomlardır. İnsanın quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi tanınır. Bunun səbəbi bəhs edilən xromosomların bu hərflərə bənzəməsidir. Y xromosomu özündə kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır.
İnsanın əmələ gəlməsi kişidə və qadında cütlər halında yer alan bu xromosomların bir dənəsinin birləşməsi ilə başlayır. Qadında yumurtalığın mayalanması zamanı iki yerə ayrılan hüceyrənin hər iki parçası da X xromosomunu daşıyır. Kişidə ikiyə ayrılan hüceyrə isə X və Y xromosomlarını daşıyan iki fərqli sperma yaradır. Qadındakı X xromosomu kişidəki X xromosomunu ehtiva edən sperma ilə birləşərsə, doğulan uşaq qız olur. Əgər Y xromosomunu daşıyan sperma ilə birləşərsə, bu dəfə uşaq oğlan olur. Yəni doğulacaq uşağın cinsiyyəti kişidəki xromosomlardan hansının qadının yumurtası ilə birləşməsindən asılı olaraq müəyyən olunur.
Şübhəsiz ki, genetika elmi ortaya çıxanadək, yəni XX əsrə qədər bu məsələlərin heç biri insanlara təfərrüatı ilə məlum deyildi. Bir çox ölkələrdə, bir çox xalqlar arasında hətta belə bir yanlış inanc geniş yayılmışdı ki, uşağın cinsiyyətini guya qadın müəyyən edir, yəni körpənin qız, yaxud oğlan olması guya anadan asılıdır. Qız uşağı doğan qadınların qınanması, onların bəzən incidilməsi və alçaldılması məhz bu yanlış təsəvvürlərdən irəli gəlirdi.
Halbuki, Quranda insanlara genlərin kəşfindən hələ 14 əsr əvvəl bu batil inancı rədd edən bir məlumat verilmiş, cinsiyyətin mənşəyinin qadın deyil, kişidən gələn nütfə olduğu bildirilmişdir.
"Ələq" - bətndən asılıb qalma
İnsanın əmələ gəlməsi haqqında Quranda verilən məlumatları araşdırmağa davam etdiyimiz zaman yenə də bir çox mühüm elmi möcüzələrlə qarşılaşırıq.
Kişidən gələn sperma və qadındakı yumurta birləşərkən doğulacaq uşağın ilk özəyi - rüşeym əmələ gəlmiş olur. Biologiyada "ziqota" adlandırılan bu tək hüceyrə əsla vaxt itirmədən bölünərək çoxalacaq və getdikcə kiçik "ət parçası" halına gələcək.
Ancaq ziqota bu cür böyüməni boşuna həyata keçirmir. O, ana bətninin divarından asılıb qalır. Malik olduğu çıxıntılar sayəsində torpağa yapışan köklər kimi bura yapışır. Ziqota özünün inkişafı üçün ehtiyac duyduğu zəruri qida maddələrini məhz həmin köklər sayəsində ananın orqanizmindən əmə bilir.
Burada çox mühüm bir Quran möcüzəsi ortaya çıxır. Allah Quranda ana bətninə yapışaraq inkişafa başlayan ziqotadan bəhs edərkən "ələq" kəlməsini işlədir:
"Yoxdan yaradan Rəbbinin adı ilə oxu. O, insanı ələqdən yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir". ("Ələq" surəsi, 96/1-3)
"Ələq" kəlməsinin ərəbcədəki mənası isə "bir yerdən asılıb qalan, bir yerdən yapışıb tutan şey" deməkdir. Bu kəlmə dəriyə yapışaraq oradan qan soran zəlilər haqqında da işlədilir.
Şübhəsiz, ana bətnində inkişaf etməkdə olan ziqotanın bu xüsusiyyətini açıb göstərən kəlmədən istifadə olunması Quranın aləmlərin Rəbbi olan Allah`ın sözü olmasını bir daha təsdiq edir.
Sümüklərin əzələ ilə örtülməsi
Quran ayələri ilə çatdırılan digər bir mühüm məlumat isə insanın ana bətnindəki əmələgəlmə prosesinin mərhələləri ilə bağlıdır. Ayələrdə körpənin ana bətnində əvvəlcə sümüklərinin əmələ gəlməsi, daha sonra isə əzələlərinin yaranaraq bu sümükləri örtməsi, sarıması xəbər verilir:
"Sonra nütfəni ələqə çevirdik, sonra laxtalanmış qanı (ələqi) bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uludur". ("Muminin" surəsi, 23/14).
Dölün ana bətnindəki inkişafını araşdıran elm sahəsi embriologiyadır. Embriologiya elmi isə lap elə yaxın zamanlara qədər belə hesab edirdi ki, ana bətnindəki dölün sümükləri ilə əzələləri eyni vaxtda əmələ gələrək paralel şəkildə inkişaf edir. Buna görə də bəzi adamlar bu ayələrin elmlə düz gəlmədiyini uzun zaman ərzində iddia ediblər. Ancaq inkişaf etmiş texnologiya sayəsində aparılan daha qabaqcıl mikroskopik araşdırmalar Quranda bildirilənlərin hamısının nöqsansız şəkildə doğru olduğunu ortaya qoydu. Bu mikroskopik araşdırmalar da göstərdi ki, dölün ana bətnindəki inkişafı prosesi məhz ayələrdə izah edildiyi şəkildə, məhz Quranda təsvir olunmuş ardıcıllıq üzrə gedir! Əvvəl embriondakı qığırdaq toxuması sümüyə çevrilir. Daha sonra isə əzələ hüceyrələri sümüklərin ətrafındakı toxumadan ayrılaraq bir yerə yığışır və sümükləri əhatə edir.
Bu proses "Developinq human" ("İnkişaf edən insan") adlı elmi jurnalda belə izah edilir:
"6-cı həftədə qığırdaqlaşmanın davamı olaraq ilk sümükləşmə körpücük sümüyündə ortaya çıxır. 7-ci həftənin sonunda uzun sümüklərdə də sümükləşmə başlayır. Sümüklər yaranmağa davam edəndə əzələ hüceyrələri sümüyü əhatə edən toxumadan ayrılaraq əzələ kütləsini əmələ gətirir. Əzələ toxuması bu şəkildə sümüyün ətrafında ön və arxa əzələ qruplarına ayrılır".
Qısası, insanın Quranda təsvir edilən əmələgəlmə mərhələləri müasir embriologiyanın kəşfləri ilə tam uyğunluq və harmoniya təşkil edir.
Dölün ana bətnindəki inkişafının üç qaranlıq mərhələsi
Quranda insanın ana bətnində üç mərhələli bir proseslə yaradıldığı bildirilir:
"...O, sizi analarınızın bətnində üç zülmət içində yaranışdan-yaranışa salaraq yaradır. Bu, sizin Rəbbiniz olan Allah`dır. Hökm Onundur. Ondan başqa heç bir Tanrı yoxdur. Elə isə necə döndərilirsiniz?" ("Zumər" surəsi, 39/6)
Yuxarıdakı ayədə Azərbaycan dilinə "üç zülmət içində" olaraq tərcümə edilmiş ərəb dilindəki "fi zulumatin səlasin" ifadəsi embrionun inkişafı dövründə üç qaranlıq mərhələnin olmasına işarə edir. Həmin mərhələləri ardıcıllıqla götürəndə onlar:
a) bətnin qaranlığı;
b) rəhmin qaranlığı;
c) döl yatağının qaranlığıdır.
Göründüyü kimi, bu gün müasir biologiya elmi uşağın ana bətnindəki embrioloji inkişafının, yuxarıdakı ayədə də bildirildiyi kimi, üç fərqli mərhələdə baş verdiyini ortaya qoyub. Bundan əlavə, embriologiya sahəsindəki inkişaf bu mərhələlərin də öz növbəsində üç qatdan meydana gəldiyini sübuta yetirib.
Bətn divarı da üç təbəqədən meydana gəlir: xarici əzələ təbəqələri, daxili əzələ təbəqələri və çarpaz əzələlər.
Buna oxşar bir formada rəhm divarı da üç təbəqədən ibarətdir: epimetrium, miyometrium və endometrium.
Eyni şəkildə, embrionu əhatə edən pərdə də üç qatdan ibarətdir: amnion (rəhmdə fetusu əhatə edən ən incə qat - amnion), koryon (orta amnion qatı - chorion) və desidia (xarici amnion qatı - decidua).
Bununla yanaşı, ayədə insanın ana bətnində bir-birindən fərqlənən üç müxtəlif mərhələdə meydana gəlməsinə işarə edilir. Həqiqətən də bu gün müasir biologiya elmi uşağın ana bətnindəki embrioloji inkişafının üç müxtəlif mərhələdə baş verdiyini sübuta yetirib.
Bu gün universitetlərin tibb fakültələrində dərs vəsaiti kimi istifadə olunan bütün embriologiya kitablarında bu mövzu ən fundamental araşdırma mövzuları sırasındadır. Məsələn, embriologiya haqqında əsas kitablardan biri olan "Basic Human Embriology" ("Əsas insan embriologiyası") adlı kitabda bu həqiqət belə ifadə edilir:
"Bətndəki həyat üç mərhələdən əmələ gəlir: preembrionik və ya embriona qədərki (ilk 2,5 həftə), embrion və ya rüşeym (8-ci həftənin sonuna qədər) və fetal (8-ci həftədən doğuşa qədər) mərhələləri".
Tibbi dildə "trimeester", yəni "üç dövr" adlandırılan bu mərhələlər uşağın fərqli inkişaf mərhələlərindən ibarətdir. Bu üç inkişaf mərhələsinin bəlli xüsusiyyətləri qısaca şəkildə belədir:
-Preembrionik və ya embriona qədərki mərhələ:
Ziqota, əsasən, "1-ci meester" olaraq xatırlanan bu ilk mərhələdə bölünərək çoxalır, bir hüceyrə kütləsi halına gəldikdən sonra özünü bətn divarına yapışdırır, hüceyrələr çoxalmağa davam edəndə 3 təbəqə halında təşkilatlanır.
-Embrionik mərhələ:
"2-ci meester" kimi tanınan ikinci mərhələ cəmi 5,5 həftə davam edir və canlı bu müddət ərzində "embrion" və ya "rüşeym" adlandırılır. Bu mərhələdə hüceyrə təbəqələrindən bədənin başlıca əzaları, təməl orqan və sistemləri əmələ gəlir.
-Fetal mərhələ:
Hamiləliyin "3-cü meester"i adlandırılan mərhələyə daxil olanda rüşeym (embrion) artıq "fetus" adlandırılır. Bu mərhələ hamiləliyin 8-ci həftəsindən etibarən başlayır və doğuşa qədər davam edir. Əvvəlki mərhələdən fərqlənən xüsusiyyəti isə fetusun üzü, əlləri və ayaqları aydın bilinən və insanın xarici görünüşünə malik olan bir canlıya çevrilməsidir. Mərhələnin başlanğıcında döl 3 sm ölçüdə olsa da, onun bütün orqanları əmələ gəlir. Bu mərhələ 30 həftəyədək, inkişaf prosesi isə doğuş həftəsinə qədər davam edir.
Dölün ana bətnindəki inkişafı haqqındakı bu məlumatlar yalnız müasir texnoloji avadanlıqların köməyi ilə aparılmış müşahidələr sayəsində əldə edilib. Ancaq göründüyü kimi, bu məlumatlar da bir çox digər elmi həqiqətlər kimi yalnız Quran ayələrində möcüzəvi şəkildə xəbər verilmişdir. Bəşəriyyətin təbabət sahəsində heç bir müfəssəl biliyə sahib olmadığı dövrlərdə Quranda bu dərəcədə dolğun, ətraflı və səhih bilgilərin verilməsi, şübhəsiz ki, Quranın Allah`ın kəlamı olmasının aşkar sübutudur. (Ətraflı məlumat üçün bax: Harun Yəhya, «İnsanın yaradılış möcüzəsi», Türkiyə, «Araştırma» nəşriyyatı).