CSS Templates

Dua xəstələrin müalicəsini sürətləndirir

«Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!» («Mumin» surəsi, 60)

«Çağırmaq, istəmək, səslənmək, kömək tələb etmək» mənalarına gələn dua Qurana görə «insanın ürəkdən səmimi olaraq Allah`a üz tutması, Ona möhtac bir varlıq olmasını anlamağın şüuru ilə sonsuz güc sahibi, Rəhman və Rəhim olan Allah`dan kömək istəməsi»dir. İnsan xəstələndiyi vaxt bu acizliyini daha yaxşı hiss etdiyi, Allah`a yaxınlaşdığı anlardan biridir. Həmçinin xəstəliklər Allah`ın təqdiri ilə baş verən çox hikmətli bir imtahan, dünya həyatının fani və qüsurlu olduğunu xatırladan bir xəbərdarlıq, səbir və təvəkkül edənlər üçün axirətdə bir mükafat mənbəyidir.

İman gətirməyənlər isə bir xəstəliyə düçar olanda onları həkimlərin, dərman və ya xəstəxananın ən müasir texnoloji imkanlarının sağaltdığını fikirləşirlər. Belələri sağlam olarkən bədənlərindəki sistemi çalışdıran, xəstələnəndə isə şəfa verən gücün, zəruri olan dərmanı, həkimi yaradan gücün Allah olduğunu fikirləşməzlər. Əksər insanlar da həkimin və dərmanların kifayət etmədiyinə əmin olandan sonra Allah`a üz tuturlar. Belə vəziyyətə düşən insan onu üzləşdiyi çətinlikdən yalnız Allah`ın xilas edə biləcəyini başa düşərək ancaq Allah`dan kömək istəyir. Allah bu əxlaqı bir ayədə belə bildirir:

«İnsana bir sıxıntı üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər, lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü bizə heç dua etməmiş kimi çıxıb gedər. Həddi aşanlara əməllər beləcə yaxşı göstərildi». («Yunis» surəsi, 12)


Halbuki, insan sağlam olarkən də, yaxud bir sıxıntı, çətinlik içində olmayanda da dua etməli, Allah`ın ona verdiyi rahatlıq, sağlamlıq və başqa bütün nemətlər üçün şükür etməlidir.

Dua ilə bağlı çox mühüm bir mövzu da budur. Şifahi dua ilə yanaşı, insanın feili dua kimi də səy göstərməsi çox vacibdir. Feili dua insanın hər hansı bir istəyinə nail olmaq üçün əlindən gələn hər şeyi etməsidir. Məsələn, xəstə bir adamın şifahi dua ilə yanaşı, mütləq həmin sahənin mütəxəssisi olan həkimə müraciət etməsi, ona faydası olan dərmanlardan istifadə etməsi, zəruri vəziyyət yaranarsa, xəstəxanada müalicə olunması, həkim nəzarətində olması da vacib ola bilər. Çünki Allah dünyada baş verən bütün hadisələri müəyyən səbəblərə bağlamışdır. Dünyadakı və kainatdakı hər bir şey Allah`ın qoyduğu qanun və qaydalar əsasında işləyir. Dolayısilə, hər bir insan bu səbəblərə uyğun olaraq zəruri tədbirlər görməli, amma bunları təsirli edəcək olan gücün yalnız Allah olduğunu bilməli, nəticəni təvəkkül, təslimiyyət və səbirlə Allah`dan gözləməlidir.

İmanın və duanın xəstələrə müsbət təsiri, onların müalicə mərhələsini sürətləndirməsi həkimlərin də diqqətini cəlb edən və onların da tövsiyə etdiyi bir məsələdir. ABŞ-da dərc olunan məşhur informasiya jurnallarından biri olan «Newsweek» özünün 2003-cü il 10 noyabr tarixli sayında «Allah və sağlamlıq: din yaxşı bir dərmandırmı? Elm nəyə görə inanmağa başlayır?» («God & Health: Is Religion Good Medicine? Why Science is Starting to Believe?») sərlövhəli araşdırmada dinin şəfaverici və sağaldıcı təsir göstərməsi xəbərini sərlövhədən yaymışdır. Allah inancının insanın əhval-ruhiyyəsini yüksəldib onun xəstəlikdən daha asan xilas olmasına yol açması həqiqətinə toxunan məqalə müəllifi elmin də inanclı insanların xəstəliklərdən daha asan və tez yaxa qurtardığına inanmağa başladığını bildirirdi. «Newsweek» jurnalının apardığı sorğunun nəticələrinə görə, insanların 72 faizi dua edərək xəstəlikdən daha asan xilas olduqlarına, duanın sağalma prosesini asanlaşdırdığına inanır. ABŞ və Böyük Britaniyada aparılan tədqiqatlarda da xəstələrin dua etməsinin onların narahatlığını azaltdığı və yaxşılaşma mərhələsini sürətləndirdiyi nəticəsi əldə edilmişdir.

Miçiqan Universitetinin (ABŞ) araşdırmasına görə, dindarlarda stress və depressiya halları daha az müşahidə edilir. Çikaqodakı Raş Universitetinin (ABŞ) tədqiqatına görə, müntəzəm olaraq ibadət və dua edənlər arasında erkən ölüm hallarının dinə bağlı olmayanlarla müqayisədə 25 faiz az olduğu müəyyən edilmişdir. Dyuk Universitetinin (ABŞ) analoji əməliyyatı keçirən 750 xəstə üzərində apardığı başqa bir tədqiqatda da «duanın müalicəvi gücü» elmi şəkildə sübut edilmişdir. Dua oxuyan ürək xəstələrinin əməliyyatdan sonrakı bir neçə il ərzində ölməsi hallarının digərlərinə nisbətən 30 faiz az olduğu müəyyən edilmişdir.

Uca Allah`ın Quranda bildirdiyi dualardan bəziləri belədir:

«Bir vaxt Əyyub Rəbbinə yalvarıb dua edərək belə demişdi: "Mənə bəla üz verdi. Sən rəhmlilərin ən rəhmlisisən!" Biz onun duasını qəbul buyurduq, onu düçar olduğu bəladan qurtardıq. Dərgahımızdan ona bir rəhmət və ibadət edənlərə ibrət dərsi olsun deyə, övladlarını qaytarıb ona verdik, üstəlik, bir o qədər də əlavə etdik». («Ənbiya» surəsi, 83-84)

«Balıq sahibi Yunisi da xatırla! Bir zaman o qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında): "Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan oldum!" - deyib dua etmişdi. Biz onun duasını qəbul buyurduq və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!» («Ənbiya» surəsi, 87-88)

«Zəkəriyyanı da yada sal! Bir vaxt o: "Ey Rəbbim! Məni tək buraxma. Sən varislərin ən yaxşısısan!" - deyə yalvarıb Rəbbinə dua etmişdi. Biz onun duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini doğmağa qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə dua edərdilər. Onlar Bizə dərin hörmət göstərirdilər». («Ənbiya» surəsi, 89-90)

«Həqiqətən, Nuh Bizə dua etmiş, onun duasını necə də gözəl qəbul etmişdik!» («Saffat» surəsi, 75)


Əvvəl də qeyd etdiyimiz kimi, dua təkcə xəstəlikdən və ya dünyəvi sıxıntı və çətinliklərdən xilas olmaq üçün olmamalıdır. Səmimi olaraq iman gətirən bir şəxs Allah`a həmişə dua etməli və Allah`dan gələcək hər bir cavaba razı olmalıdır. Quranda bir çox ayə ilə bildirilən dua ibadətinin faydalarının bizim dövrümüzdə elmi cəhətdən də sübut olunması Quranın möcüzəvi xüsusiyyətini bir daha göstərir:

«Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasına cavab verərəm. Elə isə onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, doğru yola yetişsinlər». («Bəqərə» surəsi, 186)