CSS Templates

Ürəklərin Allahın zıkri ilə sakitləşməsi

ABŞ-ın Beynəlxalq Səhiyyə Tədqiqatları Mərkəzində Devid B.Larson və onun qrupu tərəfindən dindar və dinə inanmayan amerikalılar arasında müqayisəli təhlil yolu ilə aparılmış araşdırmalar çox təəccübləndirici nəticələr verib. Məsələn, dinə meyilliliyi zəif olan və ya dinlə heç bir əlaqəsi olmayan insanlarla müqayisədə dindarların ürək xəstəliklərinə 60 faiz daha az tutulması, dindarlarda intihar hallarının 100 faiz aşağı olması, onların qan təzyiqinə daha az nisbətdə məruz qalması, siqaret çəkənlər arasında bunun 7-nin 1-ə nisbətdə olması kimi nəticələr ortaya çıxıb.

Təbabət dünyasının vacib elmi mənbələrindən sayılan «Tibdə beynəlxalq psixiatriya» jurnalında nəşr edilən bir tədqiqatda özlərini inancsız kimi tanıdan şəxslərin həm xəstəliklərə daha çox tutulduğu, həm də ömürlərinin qısa olduğu bildirilir. Araşdırmanın nəticələrinə görə, inancsız insanların mədə-bağırsaq xəstəliklərinə yoluxma ehtimalı inanclı insanlara nisbətən iki dəfə, tənəffüs xəstəliklərindən ölməsi hallarının isə 66 faiz çox olduğu ortaya çıxıb.

Psixoloqlar buna oxşar faktları, əsasən, "psixoloji təsir" amili ilə izah edirlər. Bunun mənası isə belə açıqlanır ki, dini inanc insanların mənəviyyatını yüksəldir və mənəviyyat da əxlaqa təsir edir.

Bu açıqlamanın real və haqlı tərəflərinin olması mümkündür, ancaq məsələ dərindən tədqiq ediləndə daha diqqət çəkici bir nəticə hasil olur. Allah`a olan inanc hər hansı bir başqa əxlaqi vəziyyətdən, mənəviyyatdan daha güclüdür. Harvard Universiteti (ABŞ) Tibb Fakültəsinin doktoru Herbert Bensonun dini inancla fiziki sağlamlıq arasındakı əlaqəni tədqiq edən geniş araşdırmaları bu mövzu ilə bağlı diqqət çəkici nəticələr vermişdir. H.Benson özü inancsız bir insan olsa da, o, öz tədqiqatlarında belə qənaətə gəlmişdir ki, Allah`a olan inanc və ibadət insan səhhətinə başqa heç nə ilə müqayisə edilməyəcək dərəcədə müsbət təsir göstərir. Benson "heç bir inamın zehnə Allah`a olan inam kimi rahatlıq vermədiyi" nəticəsinə gəldiyini açıqlamışdır.

Niyə imanla insan ruhu və bədəni arasında belə bir xüsusi əlaqə var? Bensonun gəldiyi nəticə onun elə öz ifadəsi ilə desək, "insan bədəninin və zehninin Allah`a iman gətirməyə görə mütənasib" olması faktının təsdiqidir.

Təbabətin yavaş-yavaş öyrənməyə başladığı bu həqiqət Quranda "Bilin ki, qəlblər yalnız Allah`ı zikr etməklə aram tapır!" ("Rəd" surəsi, 13/28) ayəsi ilə xəbər verilmiş bir sirdir. Allah`a inanan, Ona dua edən, Ona güvənən insanların başqalarından həm ruhən, həm də cismən daha sağlam olmasının əsas səbəbi onların yaradılışlarına uyğun davranmasıdır. İnsanın yaradılışına zidd olan fəlsəfə və sistemlər insanlara həmişə əzab, hüzn, sıxıntı və əziyyət gətirir.

Müasir təbabət yuxarıda haqqında qısa da olsa danışdığımız kəşflərin işığında bu həqiqətə çatmaq yolundadır. Patrik Qlinin ifadəsi ilə desək, müasir təbabət müalicənin maddi üsullardan başqa da yollarının olması həqiqətini qəbul etmək yolunda inkişaf edir.