Yağışın ölü bir yerə "can vermək" xüsusiyyətinə Quranın əksər ayələrində diqqət çəkilir:
"...Biz göydən tərtəmiz su endirdik ki, onunla ölü bir yerə can verək, yaratdığımız heyvanları və bir çox insanları sulayaq!" ("Furqan" surəsi, 25/48-49)
Yağış suyunun canlılar üçün həyati əhəmiyyət kəsb etməsi ilə yanaşı, onun həm də gübrələmək xüsusiyyəti var. Dənizlərdən buxarlanaraq buludlara yüksələn yağış damcıları özündə ölü torpağa "can verə biləcək" bəzi maddələri ehtiva edir. Bu xüsusiyyətə malik olan yağış damcılarına "səthi daralma damcıları" deyilir. Belə damcılar bioloqların dəniz səthinin mikro təbəqəsi dediyi üst qatda meydana gəlir. Millimetrin onda birindən daha incə olan bu səthi pərdədə mikroskopik su yosunlarının (alqlerin) və zooplanktonların çürüməsindən yaranan çoxlu üzvi tullantı var. Həmin tullantıların bəzisi dəniz suyunda çox az mövcud olan fosfor, maqnezium, potasium kimi elementləri, bundan başqa, mis, sink, kobalt və qurğuşun kimi ağır metalları seçib ayıraraq özündə toplayır. Yer üzündəki toxum və bitkilər onların yetişməsi üçün zəruri olan çoxsaylı duzları və elementləri məhz bu yağış damcılarından alır.
Bu həqiqət Quranın başqa bir ayəsində belə ifadə edilir:
"Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və biçilən taxıl dənələri yetişdirdik". ("Qaf" surəsi, 50/9)
Yağışla torpağa düşən bu duzlar məhsuldarlığı artırmaq üçün istifadə edilən ənənəvi gübrələrin bəzilərinin (kalsium, maqnezium, potasium və başqalarının) kiçik nümunələridir. Bu cür aerozollarda olan ağır metallar isə bitkilərin yetişməsi, inkişafı və daha yaxşı məhsul verməsi üçün lazım gələn elementləri yaradır.
Qısası, yağış həm də mühüm gübrədir. Torpaq yalnız yağış vasitəsilə gələn bu gübrələrlə əsrlik bir müddət ərzində bitkilər üçün lazım olan bütün elementləri əldə edə bilər. Meşələr də bu dəniz əsilli gübrələrin köməyi ilə qidalanıb inkişaf edir.
Bu yolla quru torpaq sahəsinə hər il 150 milyon ton gübrə düşür. Bu cür təbii gübrələnmə olmasaydı, Yerdə daha az bitki olar, həyatın nizamı pozulardı. Yağışın təbiəti canlandırmaq xüsusiyyətini bütün dəqiqliyi ilə açıb göstərən və ayədə yer alan bu məlumat Quranın saysız möcüzələrindən yalnız biridir.