CSS Templates

Atmosferin təbəqələri

Quran ayələrində kainat haqqında verilən məlumatlardan biri də göyün yeddi təbəqə olaraq təşkil edilməsi məsələsi ilə bağlıdır:

"Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur! O, hər şeyi biləndir!" ("Bəqərə" surəsi, 2/29)

"Sonra Allah tüstü halında olan göyə üz tutdu... Allah onları yeddi göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir göyün işini özünə vəhy edib bildirdi..." ("Fussilət" surəsi, 41/11-12)


Quranın əksər ayələrində rastlaşdığımız "göy" kəlməsi kainatı ifadə etmək üçün istifadə olunduğu kimi, həm də dünyanın səmasını ifadə etmək üçün də işlədilmişdir. Kəlmənin bu mənasına varanda belə qənaət hasil olur ki, Yer kürəsinin göy təbəqələri, başqa sözlə, məhz atmosferin 7 qatı yaradılıb.

Bu kəlmə həmçinin onu təsdiqləyir ki, atmosfer üst-üstə təbəqələnmiş müxtəlif qatlardan meydana gəlib.

Kimyəvi vəziyyətin və ya havanın istiliyinin əsas götürülməsi yolu ilə qeyd edilən məsələlərdə atmosferin 7 təbəqə olduğu təsdiq edilmişdir.21 Bu gün hələ 48 saatlıq hava proqnozlarında istifadə edilən və "Limited Fine Mesh Model" (LFMM) adlandırılan atmosfer modelinə görə də, atmosfer 7 təbəqədən meydana gəlib. Müasir geoloji formullara görə, atmosferin 7 qatı belə tərtib edilib:

1. Troposfer

2. Stratosfer

3. Mezosfer

4. Termosfer

5. Ekzosfer

6. İonosfer

7. Manyetosfer.

Bu mövzu ilə bağlı daha bir möcüzə öz əksini "Fussilət" surəsinin 12-ci ayəsində qeyd edilən "O, hər bir göyün işini özünə vəhy edib bildirdi" cümləsində tapır. Bu ayədə Allah`ın hər təbəqə üçün müəyyən bir vəzifə müəyyən etdiyi bildirilir. Sonrakı səhifələrdə də ətraflı görəcəyimiz kimi, adlarını yuxarıda sadaladığımız atmosfer təbəqələrinin hər biri insanların və dünyamızdakı bütün canlıların həyatı baxımından çox mühüm vəzifələr daşıyır.

Yağışın meydana gəlməsindən zərərli şüaların qarşısının alınmasına, radio dalğaların ötürülməsindən meteoritlərin zərərsiz hala gətirilməsinə qədər hər bir təbəqənin özünəməxsus bir vəzifəsi var. Aşağıdakı ayələr isə bizə atmosferin 7 təbəqəsi ilə bağlı bitkin və əhatəli bilgilər verir:

"Məgər görmürsünüz ki, Allah yeddi göyü qat-qat necə yaratdı?" ("Nuh" surəsi, 71/15)

"Yeddi göyü qat-qat yaradan da Odur..." ("Mülk" surəsi, 67/3)


Bu ayələrdə "qat" kimi tərcümə edilən "tibəqən" kəlməsi ərəb dilində "təbəqə, bir şeyin uyğun olan qapağı və örtüyü" mənalarına da gəlir ki, bu da öz növbəsində üst qatın alt qata uyğunluğunu göstərir. Kəlmənin cəm halda istifadəsi isə "qat-qat" şəklində yazılır.

Ayələrdə göyün qat-qat halında təsvir edilməsi atmosfer təbəqələrini şübhəsiz ki, ən mükəmməl şəkildə ifadə edir. Müasir insanın XX əsrin texnologiyası olmadan dərk edib anlaya bilmədiyi bu həqiqətlərin 1400 il əvvəl göndərilmiş Qurani-kərimdə aydın şəkildə ifadə olunması, əlbəttə ki, çox böyük bir möcüzədir.