CSS Templates

Cazibə qüvvəsi və orbitvari hərəkətlər

«And içirəm yanıb-sönənlərə (planetlərə); seyr edib yerini alan (gizlənən) səyyarələrə». («Təkvir» surəsi, 15-16)

«Təkvir» surəsinin 15-ci ayəsində qeyd edilən «xunnəs» sözü «büzülən, geriyə gedən, qayıdan» kimi mənalara gəlir. 16-cı ayədə «yerini alanlara» kimi tərcümə edilən ərəb dilindəki ifadə isə «kunnəs»dir. «Kanis» kəlməsinin cəmi olan «kunnəs» ifadəsi «bilinən güzərgah, yuvaya girmək, hərəkət halında olan cismin yuvası, yuvasına girib gizlənənlər» mənalarına gəlir. Yenə 16-cı ayədə ifadə edilən «seyr edən» kəlməsi isə «cərəyan» sözünün kökündən törəyən və «axıb gedən, seyr edən» mənasına gələn «cariyə» sözünün cəmi «əlcəvari»dir. Bu sözlərin mənaları nəzərə alınanda planetlərin cazibə qüvvələrinə və orbit ətrafındakı hərəkətlərinə işarə edildiyi anlamına gələ bilər.

Yuxarıdakı ayələrdə bu kəlmələr cazibə qüvvələrindən qaynaqlanan orbitvari hərəkətləri tam olaraq tərif edir. Bunlardan «xunnəs» kəlməsi ilə planetlərin həm öz nüvələri istiqamətində, həm də Günəş sisteminin mərkəzi olan Günəşə tərəf cəzb edilməsinə diqqət çəkilir (ən doğrusunu Allah bilir). Cazibə qüvvəsi kainatda mövcud olan bir qüvvədir, ancaq bu cazibə qüvvəsinin riyazi düsturlarla göstərilməsi XVII-XVIII əsrlərdə yaşamış İsaak Nyuton tərəfindən mümkün olmuşdur. Sonrakı ayədə qeyd edilən «əlcəvari» kəlməsi də bu cazibə qüvvəsinə qarşı dirənən mərkəzdənqaçma qüvvəsindən qaynaqlanan orbitvarı hərəkətləri vurğulayır. Şübhəsiz ki, seyr edənlər, axıb gedənlər mənasına gələn «əlcəvari» sözünün «xunnəs» (mərkəzə tərəf çəkilmək, büzülmək) və «kunnəs» (güzərgah, yuvaya girmək, hərəkət halındakı cismin yuvası) kəlmələri ilə işlədilməsi 1400 il əvvəl bilinməsi mümkün olmayan mühüm bir elmi həqiqətə diqqət çəkir (ən doğrusunu Allah bilir). Bundan başqa, Quranda and içilən məsələlərdən biri olan bu ayələr mövzunun əhəmiyyətinə diqqəti çəkən başqa bir işarədir.